1 ... 14 15 16 17 18 19 20 21 22

﴿وَأَوْحَى رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ﴾

səhifə18/22
tarix24.05.2018
ölçüsü2.28 Mb.

﴿وَأَوْحَى رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ﴾

Rəbbin bal arısına vəhy etdi ki, bə’zi dağlarda, ağaclarda və insanların tikdiyi örtülü yerlərdə yuva qur.”

Nöqtələr

● “Vəhy” dedikdə sür’ətli, məxfi işarə və ötürmə nəzərdə tutulur. Vəhy sözü həm peyğəmbərlərə olan ilahi vəhyə, həm də müəyyən meyillərə işarədir. Hazırkı ayə’ni buna misal göstərmək olar. İlahi ilham mə’nasındakı vəhyə “Qəsəs” surəsinin 7-ci ayəsini misal göstərmək olar: “Allah Musanın anasına ilham etdi.” “Ən’am” surəsinin 121-ci ayəsində də vəhy ilham mə’nasında işlədilmişdir. Həmin ayədə söhbət şeytanın vəsvəsələrindən gedir.

Bildirişlər

1. Heyvanlardakı sə’y, hərəkət və məskən seçmələri onların daxillərində Allah tərəfindən qoyulmuş meyl əsasındadır.

2. Ən yaxşı bal dağlıq ərazilərdəki arıların balıdır. Bu bal dağ çiçəkləri və otlarından çəkilir. (Arı yuvalarının kənarında yerləşdirilən şəkərdən çəkilən bal – bal keyfiyyətlərinə malik deyildir.)
● Ayə 69:

﴿ثُمَّ كُلِي مِن كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلاً يَخْرُجُ مِن بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاء لِلنَّاسِ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ﴾

Sonra bütün meyvələrdən ye, Rəbbinin yolunu mütiliklə adla. Onların (arıların) qarınlarından insanlar üçün şəfa olan rəngarəng maye çıxır. Əlbəttə, bunda (bal arısının həyatında) düşünən insanlar üçün ibrət var.”


Nöqtələr

● Ötən ayələrdə və bu ayədə Allah canlılardan alınan həyati əhəmiyyətə malik iki mayeni yada saldı: süd və bal.

● Ötən iki ayədə insanların meyvələrdən içki hazırladığı bildirildi. Heyvan isə meyvələrdən şəfaverici bal hazırlayır.

● Allahın məqsədli və hikmətli nizamında qəflət və işsizlik mənfurdur. Ona görə də Qur’an harada yeməkdən danışırsa, bu bəyanın kənarında hansısa məs’uliyyəti qeyd edir. O cümlədən: “yeyin və layiqli iş görün”, “yeyin və başqalarını da yedirdin”, “yeyin və Allaha şükür edin”, “yeyin və israf etməyin”.1

Bu ayədə də Allah bal arasına yemək göstərişi verir. Amma bu göstəriş də hansısa məqsəd və məs’uliyyətlə müşayiət olunur.

● Allahın övliyaları alçaqlıqlardan çəkinib, ucalıqları seçən “nəhl” kimidir. Onlar ilahi maarifdən istifadə edir, Rəbbinin yolunu mütiliklə izləyirlər. Onların nəfəslərindən hikmət və mənəvi şirinlik xaric olur.

Bildirişlər

1. Heyvanlar ilahi göstərişlər əsasında hərəkət edirlər. Onların hərəkəti daxili meyillər formasında müşahidə olunur.

2. Bal müxtəlif meyvələrin cövhəridir.

3. Heyvanların təkcə məskən və qida seçimi yox, bütün işləri Allah tərəfindən müəyyənləşdirilmişdir.

4. Heyvanların Allah tərəfindən müəyyənləşdirilmiş hərəkəti müti hərəkətdir.

5. Kiçik arının orqanizmində bal hazırlayan müəssisənin mövcudluğu yaranış mö’cüzəsidir.

6. Təbii bal müxtəlif rənglərdə olur. (Balın ağ, sarı və qırmızı rəngdə olmasının səbəbi çiçəklərin rəngarəngliyi ola bilər.)

7. Otlarda və güllərdə müalicə xüsusiyyətləri var. Bal vasitəsi ilə bir çox dərdlərə şəfa tapılır. (Əlbəttə ki, bal müəyyən dərdlərin şəfasıdır. Çünki ayədə “şifaun” sözü qeyri-müəyyən formada işlənmişdir.)

8. Arı kimi kiçik bir varlığın yuva qurması, mum hazırlaması, bal hazırlaması, eyni zamanda zəhər hazırlaması Allahın qüdrət nişanələrindəndir.

9. Bütün dərslər və ibrətlər düşüncə əhli üçündür. Bir ömür baldan istifadə etdiyi halda bu barədə bir neçə dəqiqə düşünməyənlər var.


● Ayə 70:

﴿وَاللّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّاكُمْ وَمِنكُم مَّن يُرَدُّ إِلَى أَرْذَلِ الْعُمُرِ لِكَيْ لاَ يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْئًا إِنَّ اللّهَ عَلِيمٌ قَدِيرٌ﴾

Allah sizi yaratdı, sonra canınızı alar. Sizdən bə’ziləri ömrün ən alçaq dövrünə (qocalığa) qaytarılar. Belə ki, bildikdən sonra (bir çox məsələləri unudar və) bir şey bilməz. Əlbəttə, Allah bilən və qüdrətlidir.”


Nöqtələr

● “Rəzil” sözündən olan “ərzəl” sözü alçaq və dəyərsiz mə’nasını bildirir. İnsan ömrünün ən alçaq dövrü zəiflik və yaddaşsızlığın zirvə həddinə çatdığı dövrdür.2

● Qocalıq dövründə yaddaşsızlıq adi insanlara aiddir. Allahın həzrət Nuh, həzrət Mehdi (ə) kimi övliyaları ömür boyu məs’uliyyət daşımışlar. Onlarda heç vaxt qəflət, süstlük və yaddaşsızlıq görünməmişdir.

Bildirişlər

1. Ölüm və həyat Onun əlindədir.

2. Ömrün agahlıqla müşayiət olunan hissəsi faydalı və dəyərlidir. Yaddaşsızlıq və qəflət dolu ömür dəyərsizdir.

3. Uzun ömür hamı üçün nəzərdə tutulmayıb.

4. İnsanda qüdrət və zəiflik, elm və cəhalət, agahlıq və qəflət arası baş verən dəyişikliklər Allahın tədbir və elmi əsasındadır.
● Ayə 71:

﴿وَاللّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَى بَعْضٍ فِي الْرِّزْقِ فَمَا الَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزْقِهِمْ عَلَى مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَهُمْ فِيهِ سَوَاء أَفَبِنِعْمَةِ اللّهِ يَجْحَدُونَ﴾

Allah ruzi baxımından sizlərdən bə’zisini digərlərindən üstün etmişdir. Üstün edilənlər öz ruzilərini tabeçiliklərində olanlara verməzlər ki, hamı bərabər olsun. Yoxsa Allahın ne’mətini inkar edirsiniz?”


Nöqtələr

● Bə’zi rəftarların müxtəlif hallarda fərqli tə’sirləri var. Məsələn, başqalarına mərhəmət bəyə’nilmiş işdir. Amma bə’zən şairin tə’birincə:

İti dişli qurda olunan hörmət

Qoyunlara qarşı böyük cinayət.

Bə’zilərinə elm öyrətmək sərxoş insanın əlinə bıçaq vermək kimidir. Ədalətli rəftar hər yerdə, hamıya münasibətdə bir dəyərdir və ədalətə riayət olunması heç vaxt pis sayılmır. Amma bütün xalqın iste’dad və şərait baxımdan eyni dərəcədə müəyyənləşməsi ədalət deyil. Əgər bütün insanlar ne’mətlərdən eyni dərəcədə bəhrələnsəydilər, işə tə’yinat, qarşılıqlı yardım və həmkarlıq kimi ictimai zərurətlər aradan götürülərdi. Qur’an “Zuxruf” surəsinin 32-ci ayəsində buyurur: “İnsanlardan bə’zisini bə’zilərindən üstün etdik ki, biri o birini işə götürsün.”

● Ruziyə münasibətdə insanlar arasındakı fərq Allahın hikmətli proqramlarındandır. Bütün insanlar eyni dərəcədə bəhrələnsəydilər, mənəvi kamilliklər üzə çıxmazdı. Məsələn, səxavət, səbir, i’sar, himayə, şəfqət, təvazö və bu kimi başqa səciyyələr yalnız insanlar arasında fərq olduqda ortaya çıxır.

● Ayə başqa şəkildə də mə’nalandırıla bilər: varlı insanların öz imkanlarını tabeçiliklərində olanlarla bölüşməməsi xəsislik ünvanında tənqid olunur. Ayədə belə bir mə’na da nəzərdə tutula bilər ki, bə’zi ne’mətləri başqaları ilə bölüşmək mümkünsüzdür. Məsələn, insan öz gözəlliyini, ağlını, yetkinliyini, sevimliliyini, nüfuzlu danışığını başqaları ilə necə bölüşsün?! Bütün bu fərqlər təkamül rəmzidir və Allahın ne’mətlərindən biridir.

● Bə’zən insan zülm, haqqı tapdamaq, istismar yolu ilə kama çatır. İslam bu sayaq gəlirləri haram sayır. Bə’zən isə ruzi Allahın lütfü olaraq halal yolla artır. Məsələn, iki nəfər şəxs balıqçılıqla məşğuldur. Onlardan birinin toruna yüzlərlə, o birinə isə bir neçə balıq düşür. Belə məqamda varlılıqla yoxsulluq Allah tərəfindən müəyyənləşir. Məqsəd varlını var, yoxsulu yoxsulluq vasitəsi ilə sınağa çəkib onların iste’dadlarını üzə çıxarmaqdır. Bu işdə heç bir mənfi yönüm yoxdur. Ayədə bu sayaq hallar nəzərdə tutula bilər.

● Əbuzər nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: “Öz qullarınıza münasibətdə bərabərliyi gözləyin. Onlar sizin qardaşlarınızdır. Öz geyindiyinizdən onlara geyindirin, öz yediyinizdən onlara yedirin.”1

● Rəvayətdə oxuyuruq: “Bə’ziləri var-dövlət, bə’ziləri isə yoxsulluq vasitəsi ilə islah olur. Buna görə də hikmət sahibi olan Allahın iradəsinə razı olun.”

Bildirişlər

1. Ruzi təkcə zirəklikdən asılı deyil.2

2. İnsan öz imkanlarını tabeçiliyində olanlarla bölüşmək istəmir. Bəs nə üçün daşı, ağacı Allaha şərik qərar verir?

3. Başqalarına biganəlik, onlara yardımdan imtina nankorluqdur.


● Ayə 72:

﴿وَاللّهُ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا وَجَعَلَ لَكُم مِّنْ أَزْوَاجِكُم بَنِينَ وَحَفَدَةً وَرَزَقَكُم مِّنَ الطَّيِّبَاتِ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ اللّهِ هُمْ يَكْفُرُونَ﴾

Allah sizin üçün öz cinsinizdən zövcələr qərar verdi. Zövcələrinizdən sizin üçün övladlar ərsəyə gətirdi. Pak şeylərdən sizə ruzi verdi. Yoxsa batilə inanır, Allahın ne’mətlərini inkar edirlər?”


Nöqtələr

● Təbərinin təfsirində oxuyuruq ki, “həfədə” dedikdə kürəkən, övlad, nəvə, hətta xidmətçi və arvadın başqa ərdən olan övladı nəzərdə tutula bilər. “Əl-Mizan” təfsirində deyilir ki, “həfədə” “hafid” sözünün cəm forması olub, əməldə sür’ət mə’nasını bildirir. Övladlar öz valideynlərinin köməyinə tələsdiyindən onlara “həfədə” deyilmişdir.

Sual:

Nə üçün bu ayədə qız övladlar qeyd olunmur?

Cavab:

“Bənun” dedikdə həm oğlan, həm də qız övladlar nəzərdə tutula bilər. Qız övladlar “təyyibat” sözü ilə də xatırlana bilər. Çünki “Nur” surəsinin 26-cı ayəsində məhz bu söz qadın cinsinə işarədir. Qız nəvəyə “həfədə” sözü ilə işarə olunduğundan qız övladların ayrıca zikr olunması da mümkündür.

Bildirişlər

1. Zövcə və övlad ilahi ne’mətlərdəndir. (Zövcə aramlıq, övlad isə ümid səbəbidir).

2. Ərlə arvad arasındakı bağlılıq ilahi lütf və hikmətlərdəndir.

3. İzdivac hikmətli bir ilahi proqramdır.

4. Allah həm mə’nəvi, həm də maddi ehtiyacları tə’min edir.

5. Ruzinin xoşagəlimli olması Allahın hikmətli lütflərindəndir.

6. İzdivacı tərk etmək, doğuşun qarşısını almaq, halalları haram etmək batilə meyl və nankorluqdur.

7. Zövcə və halal ruzi olan yerdə zina və haram yemək nankorluqdur.

8. İnsanda özündən xatirə qoymaq meyli var.

9. Ne’mət və lütfləri xatırlamaqla öncə qarşı tərəfdə hazırlıq yaradın, sonra tənqidə keçin.
● Ayə 73:

﴿وَيَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَمْلِكُ لَهُمْ رِزْقًا مِّنَ السَّمَاوَاتِ وَالأَرْضِ شَيْئًا وَلاَ يَسْتَطِيعُونَ﴾

Allahın yerinə göylərdə, yerdə heç nəyi olmayan və buna gücü çatmayan bütlərə pərəstiş edirlər.”


● Ayə 74:

﴿فَلاَ تَضْرِبُواْ لِلّهِ الأَمْثَالَ إِنَّ اللّهَ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ﴾

Bütləri Allaha tay saymayın. Həqiqətən, Allah bilir, siz isə xəbərsizsiniz.”


Nöqtələr

● Müşriklər Allahı padşah, bütləri Onun vəziri kimi qəbul edirdilər. Ayədə bu sayaq təsəvvürlər inkar olunur.

● Şair Qaani deyir:
Bütün varlıq fəqət Səndən yaranmış, Cansız torpaq səndən gücünü almış. Hökmün altındadır bütün kainat, Bizimçün Sən varsan, Sənin üçün zat. Varlığın varlığa duymaz ehtiyac, Oxşarsızsan, Sənə tapılmaz məcaz.

Bildirişlər

1. Mə’bud həm ruzi verən, həm də qüdrətli olmalıdır. Ona qoşulan şəriklərdə isə bu səciyyələr yoxdur.

2. Bütlər və yalançı mə’budlar nə bu gün ruzi verir, nə də gələcəkdə ruzi verəsidir.

3. Sizin uydurma məbudlarınız nə səmadan yağış endirə bilər, nə də torpaqdan bitki düzəltməyi bacarar.

4. Saxta mə’budlar nəinki böyük, hətta kiçik işlərə də qadir deyildirlər.

5. Allahla bağlı bənzətmələrin kökü insanın cəhalətidir.


● Ayə 75:

﴿ضَرَبَ اللّهُ مَثَلاً عَبْدًا مَّمْلُوكًا لاَّ يَقْدِرُ عَلَى شَيْءٍ وَمَن رَّزَقْنَاهُ مِنَّا رِزْقًا حَسَنًا فَهُوَ يُنفِقُ مِنْهُ سِرًّا وَجَهْرًا هَلْ يَسْتَوُونَ الْحَمْدُ لِلّهِ بَلْ أَكْثَرُهُمْ لاَ يَعْلَمُونَ﴾

Allah məsəl çəkir: Başqalarının mülkü olan və heç nəyə qüdrəti çatmayan qul ilə öz tərəfimizdən verdiyimiz gözəl ruzini aşkar və məxfi şəkildə infaq edən kəs eyni ola bilərmi? (Əgər sizin üçün qüdrətli insanla zəif insan eyni deyilsə, nə üçün daş və ağacı Allaha bərabər sayırsınız?) Sitayiş Allaha məxsusdur, amma onların çoxu bilməz.”


● Ayə 76:

﴿وَضَرَبَ اللّهُ مَثَلاً رَّجُلَيْنِ أَحَدُهُمَا أَبْكَمُ لاَ يَقْدِرُ عَلَىَ شَيْءٍ وَهُوَ كَلٌّ عَلَى مَوْلاهُ أَيْنَمَا يُوَجِّههُّ لاَ يَأْتِ بِخَيْرٍ هَلْ يَسْتَوِي هُوَ وَمَن يَأْمُرُ بِالْعَدْلِ وَهُوَ عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾

Allah iki kişi haqqında misal çəkir: Onlardan biri heç nəyə qadir olmayan laldır, öz ağasına yükdür, hara göndərirsə, bir fayda vermir. Beləsi ədalət əsasında göstəriş verən, özü doğru yolla gedən kəslə bərabərdirmi?”


Bildirişlər

1. Əgər iki insanı eyni saymırsınızsa, nə üçün Xaliqlə məxluqu bərabər tutursunuz?

2. Sual və məsəl yolu ilə xalqın vicdanını oyadın, onları düşüncəyə vadar edin.

3. Şirkin kökü cəhalətdir.

4. Azadlıq ilahi bir ne’mətdir.

5. Yaxşı ruzi həm də infaq olunursa gözəldir. Danışan dil ədalətə çağırdıqda dəyərli olur.

6. Gizli infaq aşkar infaqdan üstündür.

7. Dil ruzinin açarıdır.

8. «Əmr be mə’ruf» (yaxşılığa əmr) düzgün yola yönəltdikdə tə’sirli olur.

9. Mülk sahibi olanların da bir şeyi yoxdur, onlar da ilahi ruzi sayəsində rifaha çatmışlar.


● Ayə 77:

﴿وَلِلّهِ غَيْبُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا أَمْرُ السَّاعَةِ إِلاَّ كَلَمْحِ الْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

Göylərin və yerin qeybi Allaha məxsusdur. Qiyamət bir göz qırpımında, ya daha tez bərpa olar. Əlbəttə, Allah hər şeyə qadirdir.”


Nöqtələr

● “Qeyb” sözü nisbi mə’na daşıyır. Bir insan üçün qeybi (gizli) olan bir iş başqa biri üçün aşkar ola bilər.

● “Əmrus-saəti” dedikdə qiyamət hadisəsi nəzərdə tutulur. Bu, qeybin mühüm nümunələrindəndir. Qiyamət vaxtının bilinməməsi Allahın lütflərindəndir.

● Bu ayə müşriklərin bənzətmələrinə cavab ola bilər. Əgər göydə və yerdə yaranış və tədbirə şərik olsaydı, hər şeyi bilən Allah bundan xəbərdar olardı.

● Ölümdən sonra insanın cismi parçalanır və gözdən itir. Allah qeybi bildiyindən bu cismi yenidən bərpa edir.

Bildirişlər

1. Allah nəinki qeybi bilir, hətta onun sahibidir.

2. Allah üçün heç bir iş çətin deyil, hətta qiyamətin bərpası!

3. Hər bir işin batini qiyamətdə aşkar olur.

4. Allah hər şeyi bildiyindən və hər şeyə qadir olduğundan qiyamətin bərpası mümkün sayılmalıdır.

5. Dünya ilə qürrələnməyək, Qiyamət uzaqda deyil və özümüzü hazırlamalıyıq.

6. Allah istənilən bir işin müqəddiməsini ləğv edə, xülasələşdirə və sür’ətləndirə bilər. (Müqəddimənin ləğvinə həzrət İsanın beşikdə danışması, müqəddimənin sür’ətləndirilməsinə Bilqeysin taxtının həzrət Süleymanın yanına gətirilməsi nümunə göstərilə bilər).


● Ayə 78:

﴿وَاللّهُ أَخْرَجَكُم مِّن بُطُونِ أُمَّهَاتِكُمْ لاَ تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ الْسَّمْعَ وَالأَبْصَارَ وَالأَفْئِدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾

Heç bir şey bilmədiyiniz halda Allah sizi analarınızın bətnindən çıxardı. Sizə qulaq, göz, qəlb verdi ki, bəlkə şükür edəsiniz.”


Nöqtələr

● “Umm” sözünün cəm forması olan “umməhat” “ummat” sözünün əvəzində işlədilmişdir.

Bildirişlər

1. İnsan Allahın iradəsi ilə anadan doğulur.

2. Keçmişdəki çatışmazlıqları, çətinlikləri xatırlamaq insanda şükür ruhiyyəsi yaradır.

3. İstənilən bir işi vasitə ilə görmək Allahın sünnəsidir. Göz, qulaq və qəlb elm vasitəsidir.

4. Qulaq gözdən tez işə düşür. (Qulaq ananın bətnində də eşidir.)

5. Ne’mətə təşəkkür vasitələrdən düzgün bəhrələnməni göstərir. Çünki Qur’an bə’zilərini məzəmmət edərək buyurur ki, gözləri var, amma həqiqəti görmürlər, qulaqları var, amma haqqı eşitməyə hazır deyillər.

6. Göz və qulaq ne’mətinin həqiqi şükrü elm əldə etməkdir, çünki ayədə öncə buyurulur ki, siz bilmirdiniz, Mən şükür edəsiniz deyə sizə göz və qulaq verdim. (Yə’ni elm öyrənəsiniz.)
● Ayə 79:

﴿أَلَمْ يَرَوْاْ إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاء مَا يُمْسِكُهُنَّ إِلاَّ اللّهُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ﴾

Səmada ram edilmiş (saxlanılmış halda qalan) quşları görmürlərmi? Onları yalnız Allah saxlayır. Əlbəttə, bunda (bu uçuşda) iman gətirənlər üçün aydın nişanələr var.”


Nöqtələr

● Qeyd olunduğu kimi, bu surə ne’mətlərlə tanışlıq və Xaliqə diqqət mövzusundadır. Surənin bu yerinədək yağış suyu, heyvanların südü, meyvələr, bal, həyat yoldaşı və övlad kimi ne’mətlərin adı çəkildi. Bu və bundan sonrakı ayədə quşlardan, dördayaqlıların dərisindən, yunundan, eləcə də, dağlardan danışılır.

● Quşlar bə’zən tənha, bə’zən dəstə ilə, bə’zən nizamlı, bə’zən nizamsız, bə’zən canını qurtarmaq üçün, bə’zən qida tapmaq məqsədi ilə pərvaz edirlər. Hər bir quş öz çəkisinə uyğun qanadla hərəkət edir. Bütün bu nöqtələr ağıllı insanın diqqətini Allaha yönəltməlidir.

Bildirişlər

1. Allah bizim yaradılmışlar haqqında düşünməyimizi istəyir və diqqətsiz insanlar tənqid olunur.

2. Quşlar istənilən halda, istənilən yerdə Allaha tabedir.

3. Səmada hərəkət üçün imkanlar əldə etməsi insanın diqqətini Allahdan yayındırmamalıdır. (Bir dəfə təyyarə ilə uçarkən bələdçi salona daxil olub təyyarənin nə vaxt yerə enəcəyini bildirdi. Soruşdum ki, nə üçün inşallah demirsən? Dedi ki, təyyarənin kompyuter sistemi var və bu sistem hər şeyi dəqiq göstərir. Bu şəxs unudurdu ki, dünyanın ayrı-ayrı nöqtələrində qəzaya uğrayan təyyarələrin də kompyuter sistemi var idi!)

4. Quşların uçuşunda bir çox qəribəliklər var. Amma bu nöqtələri yalnız iman əhli dərk edir.


● Ayə 80:

﴿وَاللّهُ جَعَلَ لَكُم مِّن بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ الأَنْعَامِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَا أَثَاثًا وَمَتَاعًا إِلَى حِينٍ﴾

Allah evlərinizi sizin üçün aramlıq səbəbi qərar verdi. Dördayaqlıların dərilərindən köç günü və dayanış günü sizin üçün yüngül və lətif xeymələr (çadırlar) düzəltdi. Onların yunundan, kürkündən və tüklərindən müəyyən müddət üçün əşyalar və həyat vasitələri hazırladı.”


Nöqtələr

● “Bəytutə” sözündən olan “bəyt” sözü adətən, insanın gecələr istirahət etdiyi yerə deyilir. “Zə’n” getmək mə’nasını bildirir. “Əsas” dedikdə müxtəlif ev əşyaları nəzərdə tutulur. “Təstəxiffunnəha” dedikdə isə asanlıqla daşınan xeymələr (çadırlar) başa düşülür.

Bildirişlər

1. Ev asayiş və aramlıq məhəllidir.

2. Yaşayış vasitələri və xeymələrin hazırlanmasında dördayaqlıların, onların dərilərinin, kürkünün, tükünün və yununun rolunu yaddan çıxarmayın.

3. Ne’mətlərdən istifadə müddəti məhduddur.

4. Ne’mətlərin insanın ehtiyaclarına, heyvanın dərisinin, yununun, tükünün tikililərə uyğun gəlməsi ilahi tədbirlərdəndir.

5. Yunun, dərinin, kürkün və tükün yüngüllüyü ilahi ne’mətlərdəndir.

● Ayə 81:

﴿وَاللّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلاَلاً وَجَعَلَ لَكُم مِّنَ الْجِبَالِ أَكْنَانًا وَجَعَلَ لَكُمْ سَرَابِيلَ تَقِيكُمُ الْحَرَّ وَسَرَابِيلَ تَقِيكُم بَأْسَكُمْ كَذَلِكَ يُتِمُّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ﴾

Allah yaratdıqlarından sizin üçün kölgəliklər qərar verdi (“xəlq etdi”). Dağlarda sizin üçün mağaralar hazırladı (“yaratdı”), sizi istidən (və soyuqdan) qoruyan libaslar, bir-birinizin zərbələrindən qoruyan zirehlər düzəltdi (“yaratdı”). Beləcə, (Allah) sizə Öz ne’mətini tamamladı. Ola bilsin ki, özünüzü Ona təslim edəsiniz.”


Nöqtələr

● “Kənn” sözünün cəm forması olan “əknan” sözü örtük vasitəsi mə’nasını bildirir. Bu söz ayədə mağaralar və tunellər mə’nasında işlədilmişdir.

● Allah ötən ayədə məskən ne’mətini şəhər əhlinə, çadır ne’mətini köçərilərə aid bildirir. Bu ayədə isə mağaraların dağ əhlinə aid olduğu bəyan olunur.

● Həm kişilərin, həm də qadınların, həm böyüklərin, həm də uşaqların daim istifadə etdiyi və bütün bədəni örtən uzun köynək “sərabil” adlanır.

● “Əl-Mizan” təfsirində bildirilir ki, ərəb dilində iki zidd məfhumun adını çəkmək lazım gəldikdə onlardan birini qeyd etməklə kifayətlənirlər. Ona görə də bu ayədə libasın insanı istidən və soyuqdan qorumasını bildirmək üçün yalnız istinin adı çəkilir.

Bildirişlər

1. Ne’mətlərə diqqət və onların yada salınması insanın ne’mət sahibinə olan diqqətini artırır, insandakı təslimçilik və pərəstiş ruhunu oyadır.

2. Kölgənin rolu işığın rolundan az deyil.

3. Ne’mətlərdən alınan ləzzət bizə Yaradanı unutdurmasın. (Ayədə üç dəfə “cəələ” yə’ni qərar verdi, bir dəfə də “xəlq etdi” sözləri işlədilmişdir.)

4. Dəmiri əritməklə və xüsusi ustalıqla hazırlanan zireh (müdafiə libası) ilahi lütflərdəndir.

5. Ne’mətləri və ne’mətlərin Xaliqini xalqa xatırlatmaq Allaha doğru ən yaxşı də’vət yolu, azğınlıq və təkəbbürün qarşısını almaq üçün ən yaxşı vasitədir.

6. Danışarkən müsahibinizi və mühiti nəzərə alın. (Libas insanı soyuqdan qoruyub ona gözəllik versə də, Allah Hicaz məntəqəsindəki döyüşləri və bu məntəqənin iqlimini nəzərə alaraq libasın istilikdən və zərbədən qorunmaq kimi iki faydasını qeyd edir.)


● Ayə 82:

﴿فَإِن تَوَلَّوْاْ فَإِنَّمَا عَلَيْكَ الْبَلاَغُ الْمُبِينُ﴾

(Ey peyğəmbər,) əgər üz döndərsələr, sənin vəzifən yalnız açıq-aşkar təbliğdir.”


Bildirişlər

1. İnsan yol və əqidə seçimində azad buraxılmışdır. Peyğəmbərlərin göstərişindən çıxması onun azad olduğunu göstərir.

2. Peyğəmbərlərin vəzifəsi xalqı məcbur etmək yox, təbliğdir.

3. Təbliğ aydın olmalı, şəkk-şübhəyə yer qalmamalıdır.

4. Əgər insanın sağlam ruhu olmasa, ən pak insan olan peyğəmbərlərin aydın təbliğləri də səmərə verməz.
● Ayə 83:

﴿يَعْرِفُونَ نِعْمَتَ اللّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكْثَرُهُمُ الْكَافِرُونَ﴾

(Onlar) Allahın ne’mətini tanıyır, sonra Onu inkar edirlər. onların çoxu kafirdirlər.”


Nöqtələr

● Qur’anda bilərəkdən inkar və haqqa qarşı inadkarlıq mövzusuna dəfələrlə toxunulur. “Nəml” surəsinin 14-cü ayəsində buyurulur: “Dərindən əmin olduqlarını inkar edirlər.” Başqa bir ayədə oxuyuruq: “Peyğəmbəri öz övladları kimi tanıyırdılar, amma onu inkar edirdilər.”1 Başqa bir ayədə buyurulur: “Haqqı bilirlər, amma bilərəkdən gizlədirlər.”2 Ayələrdən birində isə belə buyurulur: “Məsələni dərk edir, amma onun üstünə pərdə çəkirlər.”3

● İmam Sadiq (ə) buyurur: “Əli ibn Əbu-Talib (ə) Peyğəmbər məscidində rüku halında üzüyünü fəqirə verərkən “Maidə” surəsinin 55-ci ayəsi nazil oldu: “Sizin rəhbəriniz Allah, Onun rəsulu və rüku halında infaq edən kəsdir.” Bə’ziləri öz vəlisini tanıyıb inkar etdi. Həmin vaxt bu ayə nazil oldu.”4

● İmam Sadiq (ə) buyurur: “And olsun Allaha, Allahın Öz bəndələrinə əta etdiyi ne’mət bizik. İnsanlar yalnız bizim vasitəmizlə qurtular.”5

Bildirişlər

1. Həqiqəti bilmək bəs etmir, onu qəbul edib əməli addım atmaq lazımdır.

2. Küfrün cəhalətdən başqa da kökləri var. Milli təəssüb, ruhi inadkarlıq, maddi mə’nafenin qorunması.

3. Haqqı tanıdıqdan sonra ruhda bir müddət çarpışma gedir. Bə’zən pislik qalib gəlir və küfr baş qaldırır.


● Ayə 84:

﴿وَيَوْمَ نَبْعَثُ مِن كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لاَ يُؤْذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلاَ هُمْ يُسْتَعْتَبُونَ﴾

(Xatırla) o gün ki, hər ümmətdən şahid seçdik. Sonra küfr edənlərə (danışmağa) icazə verilməyəcək. Onlar üzrxahlıq üçün çağırılmayacaqlar.”


Nöqtələr

● Qur’anda Qiyamət şahidliyi haqqında dəfələrlə danışılmışdır. Həmin gün peyğəmbərlər, mələklər, Allahın övliyaları, yer, bədən üzvləri şahid olasıdır. İmam Sadiq (ə) buyurur: “Hər bir ümmət və dövr üçün imam var, xalq onunla məhşur olar.”1 İmam Baqir (ə) bu ayə haqqında buyurur: “Həqiqətən, biz bu ümmətə şahidlərdənik.”

● Allah hər yerdə hər şeydən xəbərdar olsa da, çoxsaylı şahidlər mö’minlər üçün təqva və həya amili olur, günahkarların daha çox rüsvay olması ilə nəticələnir.

● Ədalətlə müşayiət olunan elm və agahlıq şahidlik şərtidir. Buna görə də Qiyamətdə əməllərimizə şahid olası övliyalar dünyada işlərimizə nəzarət etməli, əməllərimiz onların nəzərinə çatdırılmalıdır. Hər həftə əməllərimizin həzrət Mehdiyə (ə) çatdırılması bu əqidənin nümunəsidir.2Şəhadət və Qiyamətdə şahidlik ayələri belə bir inancsız izah oluna bilməz. Axı əməllərimizdən xəbərsiz və ya ədalətsiz bir şəxs Qiyamətdə necə şahid ola bilər?!

● “İstitab” sözü “itab” sözündəndir. Yə’ni günahkar şəxs haqqı tapdanmış şəxsin qəzəbini soyutmaq, onun razılığını almaq üçün qarşı tərəfdən məzəmmət gözləyir.

● Dünya həyatında da tövbə etmək, üzr diləyib, səhvi aradan qaldırmaq olar. Qiyamətdə isə izahat və üzrə yer yoxdur. Qiyamətdə yol verilən xətalara don geyindirmək mümkünsüzdür. Cəhənnəm əhlindən bə’ziləri digər bir dəstəyə “əgər siz olmasaydınız, biz mö’min olardıq” dedikdə onlara belə xitab olunar: “Xeyr, siz özünüz iman gətirən deyildiniz.”3

Geriyə qayıdış da mümkünsüzdür. Cəhənnəm əhli saleh işlər görmək üçün geriyə dönmək istədikdə onların bu istəyi rədd edilər.4

Qiyamətdə üzrlər də qəbul olunmaz. Qur’anda oxuyuruq: “Onlara üzr istəmək üçün icazə verilməz.”5

Bildirişlər

1. Höccətin tamamlanması, bəhanəyə yer qalmaması üçün hər bir qövmə özündən olan şahidlər gətirilər.

2. Allahın bütün qövmlər arasında bütün dövrlərdə höccət və şahidləri var.

3. İlahi mühakimədə hesab-kitab, and və şahidlik var.

4. Şahid və dəlil olan yerdə üzrə, yozuma, razılıq diləməyə yer yoxdur.
● Ayə 85:



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


----tariximizden-bir-2.html

----tariximizden-bir-6.html

----the-caribbean-islands.html

----vaqf-sultanli-2.html

----world-literature-.html